Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib.
Daha sonra zərərçəkənin vəkili İsmayıl Kəngərli prosesdə jurnalistlərin iştirakının olmasına etiraz edib. O bildirib ki, cinayət işində ailə sirri var. Beləliklə, media nümayəndəsinin zaldan çıxarılmasını istəyib.
Prokuror da bu vəsatəti müdafiə edib. E.Əsgərlinin vəkili Ceyhun Yusifov isə buna etiraz edib. Hakim bildirib ki‚ məhkəmə prosesi açıq keçirildiyi üçün jurnalist zaldan çıxarıla bilməz.
Prosesdə zərərçəkmiş kimi tanınan yol polisi əməkdaşı Rəsul Ağayev ifadəsində bildirib ki‚ həmin gün yol kənarda “Porsche Cayenne” və “Porsche Panamera” markalı avtomobillərin dayandığını görüb:
“Onlara yaxınlaşdıq‚ sakit dayanmışdılar. Onlardan birinin əlində nəsə alət var idi. Bir müddət sonra gördük Elşən bizə tərəf qaçır‚ arxasıyca da 2-3 nəfər gəlirdi. Elşən gəlib bizə sığındı‚ digər şəxslər də bizim yanımıza çatanda dayandılar və Elşənlə bir-birini söyməyə başladılar. Onların heç biri‚ nə Oqtay‚ nə əmisi‚ nə də Elşən əmrimizə tabe oldu. Biz də post patrul çağırdıq‚ gəlib bunları bölməyə apardılar. Məni təhqir etməyiblər‚ fiziki təzyiq‚ xəsarət də yetirməyiblər. Sadəcə əmrimizə tabe olmadıqları üçün bizi zərərçəkmiş kimi tanıyıblar”.
E.Əsgərlinin suallarına cavab verən R.Ağayev onun kəmərindən tutub saxladığını‚ sonra isə kəmərin qırılıb əlində qaldığını deyib.
Prokuror bildirib ki‚ E.Əsgərli məhz polisə tabe olmayıb və kəməri qırıb qaçdığı üçün YPX əməkdaşları zərərçəkmiş kimi tanınıb.
Vəkil C.Yusifov isə digər 2 təqsirləndirilən şəxsin kəmərindən tutulmadığını deyərək onlara niyə eyni ittihamın verildiyini sual edib. Bu zaman prokuror və hər iki tərəfin vəkilləri arasında söz mübahisəsi yaranıb. Hakim tərəflərə xəbərdarlıq edib.
Digər YPX əməkdaşı İlkin Həbibov da eyni məzmunlu ifadə verib. O əlavə edib ki‚ O.Əhmədovun əmisi Şahin Əhmədov da onların əmrinə tabe olmayıb və mübahisə edənləri sakitləşdirməyə çalışmayıb.
Digər zərərçəkmiş şəxs və şahidlər prosesdə iştirak etməyib. O.Əhmədovun vəkili bildirib ki‚ növbəti iclasda müvəkkili‚ onun həyat yoldaşı Aysel Şükürova və əmisi Şahin Əhmədov məhkəməyə gələrək ifadə verəcəklər.
Proses aprelin 30-da davam etdiriləcək.
İttihama görə, Elşən Əsgərli tanışları – Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində keçmiş həyat yoldaşının hazırkı əri Oqtay Əhmədova qarşı xuliqanlıq ediblər.
İstintaq araşdırması zamanı Elşən Əsgərli və digər şəxslərin Oqtay Əhmədova qarşı xuliqanlıq etməsinə səbəbi məlum olub.
Elşən Əsgərli Oqtay Əhmədovun və əmisi Şahin Əhmədovun haqqında, eləcədə onların ailə üzvləri barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətməklə, məlumatlar yayıb.
Bununla bağlı Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində Elşən Əsgərli tanışları Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə həmin gün saat 18.30-da Oqtay Əhmədovla görüşüblər.
Görüş zamanı Oqtay Əhmədov Elşən Əsgərliyə hansı səbəbdən onun ailə üzvləri haqqında sosial şəbəkələrdə təhqiredici məlumatlar yaymaqla, onlardan əl çəkmədiyini, və əmisi Şahin Əhmədovu təhqir etdiyini bildirib.
Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Elşən Əsgərli Oqtay Əhmədovun üz nahiyəsinə bir yumruq zərbəsi vurub.
Oqtay Əhmədovu vuran Elşən Əsgərli daha sonra Vaqif küçəsində olan Azpetrol yanacaqdoldurma məntəqəsi istiqamətində qaçıb. Oqtay Əhmədov da idarə etdiyi avtomobillə onun arxasınca düşüb.
Yanacaqdoldurma məntəqəsinin yanında olan zaman Oqtay Əhmədov mübahisəsini davam etdirib.
Bu zaman Elşən Əsgərli uca səslə Oqtay Əhmədovun və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.
Elşən Əsgərli Oqtay Əhmədovu yenə də vurmaq istəyərkən hadisə yerinə gəlmiş polis əməkdaşları – İlkin Həbibov və Rəsul Ağayev onu sakitləşməyə çağırıblar, onun əl-qolunu tutaraq, Oqtay Əhmədovu yenə də vurmaq istəməsinə imkan verməyiblər.
Bu vaxt Elşən Əsgərlinin tanışları – Nuray Bayramlı və Azər Nəsibov münaqişəni sakitləşdirmək bəhanəsi ilə Oqtay Əhmədovu bir qədər kənara çəkiblər.
Orada Azər Nəsibov Oqtay Əhmədovun üz nahiyəsində bir kəllə vurub.
Daha sonra Azər Nəsibov və Nigar Bayramlı zərbənin təsirindən yerə yıxılmış Oqtay Əhmədovun bədənini müxtəlif nahiyələrinə zərblər vurub.
Həmin vaxt polis əməkdaşlarının əlindən çıxan Elşən Əsgərli Oqtay Əhmədova hücum edib, onun ailə üzvlərini nalayiq ifadələrlə söyüb.
Sonra Elşən Əsgərli Oqtay Əhmədovu döyməyə başlayıb. Baş verən hadisə zamanı Oqtay Əhmədov üz və bədən nahiyələrindən xəsarətlər alıb.
İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci ( bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə) xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub. O, boşanandan Oqtay Əhmədov ilə ailə qurub.
Qüdrət Şükürov qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi o mətbuatda məlumatlar yayılıb.