Yol qəzası zamanı 2 nəfərin ölümünə səbəb olan Arif Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Arif Rəhimov 1998-ci ildə anadan olub. Arif Rəhimovun subay, orta təhsilli və işsiz olduğu qeyd edilib.
Arif Rəhimov qəza baş verənə qədər Bakı Dövlət Universitetin jurnalistika fakültəsində oxuduğu bildirilib.
Prosesdə nə təqsirləndirilən nə də zərərçəkmiş şəxslər tərəfindən vəsatət verilməyib.
Məhkəmə baxışı yanvarın 12-ə təyin edilib.
10:28
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu Arif Rəhimovun cinayət işi yekunlaşdırılaraq məhkəməyə göndərilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iclas bu günə təyin edilib.
İşə hakim Cavid Hüseynovun sədrliyi ilə baxılacaq.
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.
F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib.
A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Xatırladaq ki, qəzanın səbəbkarı olan A.Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin (Rəhimov) oğludur.