Saxta COVID-19 testinin neqativ nəticələrini özündə əks etdirən arayışların verilməsi ilə məşğul olan bir qrup şəxsin qanunazidd əməlləri ifşa edilib,
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 101 nəfərin tikinti prosesinə cəlb edilməsi məqsədilə Sankt-Peterburq şəhərinə getmələri üçün saxta COVID-19 testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar ilə 2021-ci il mayın 18-də Gəncə Beynəlxalq Hava Limanından həmin istiqamətə uçmaq istədikləri zaman yoxlanışdan keçərkən test nəticələrinin saxta olması faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırılmış cinayət işinin istintaqı başa çatıb.
İstintaqla müəyyən edilib ki, Seymur Mürsəlov müəyyən məbləğdə pul vəsaitini təqdim etməklə “ƏSR TRAVEL” MMC-nin direktoru Əsgər Bayramov və “ARKAN GROUP” MMC-nin direktoru Tünzalə Əliyevanı 101 nəfər şəxsin adına saxta “COVİD-19” testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar hazırlamağa və bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edib.
Sadalanan qanunsuz hərəkətləri ilə Seymur Mürsəlovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rəsmi sənədləri saxtalaşdırmaya təhrik etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, Cinayət Məcəlləsinin 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 320.1 (rəsmi sənədləri saxtalaşdırmaya təhrik etmə) və 32.4, 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.