Dekabrın 29-da Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsi üzrə xidməti təşkil edən sərhəd gözətçi gəmisi tərəfindən Neftçala rayonunun Həsənabad kəndi istiqamətində 2 üzmə vasitəsimüşahidə olunmuş, tanınma üçün zəruri tədbirlər həyata keçirilərək hər birində 2 nəfər heyət üzvü olan “Bayda” tipli üzmə vasitələri olmaları müəyyən ediljb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, sərhəd gözətçi gəmisinin “Dayan” komandasına tabe olmayan şəxslər üzmə vasitəsinin sürətini artıraraq ərazidən şərqə doğru uzaqlaşmağa cəhd edib, əlavə iki sərhəd gözətçi gəmisinin cəlb olunduğu axtarış-təqibetmə əməliyyatı nəticəsində baydalar sahil nəzarəti bölmələri ilə qarşılıqlı əlaqədə saxlanılıblar.
Qeyri-qanuni olaraq baydalarda rejim sularına çıxmış şəxslərin Neftçala şəhər sakinləri 38 yaşlı İsayev Taleh Tahir oğlu, 43 yaşlı İsayev Rahim Tahir oğlu, Neftçala rayonunun Bankə qəsəbəsinin sakinləri 43 yaşlı Nağıyev Sulduz Ayaz oğlu və onun həmyaşıdı Əliyev Xəyyam Bəxtiyar oğlu olmaları müəyyənləşdirilib.
Həmin gün sərhəd gözətçi gəmisi tərəfindən Neftçala rayonunun Şirvanlı kəndi istiqamətində sutkanın qaranlıq vaxtı 3 ədəd kiçik həcmli üzmə vasitəsi aşkar olunub. Sərhəd gözətçi gəmisinin “Dayan” komandasına tabe olmayaraq sürəti artırmaqla cənub-şərqə doğru ərazidən uzaqlaşan üzmə vasitələri təqib edilmiş, hərəkət zamanı həmin üzmə vasitələrindən dənizə qutuya bənzər əşyaların atılması müşahidə olunub.
Qaranlıq hava şəraitində dənizə atılmış əşyaların axtarışı üçün digər sərhəd gözətçi gəmisi cəlb olunmuş, təqibi davam etdirilən kiçik həcmli üzmə vasitələri cənub-şərq istiqamətində Azərbaycanın ərazi sularını tərk edərək müşahidədən itiblər. Naməlum əşyaların atıldığı dəniz sahəsinə baxış nəticəsində 60 qutu aşkarlanmış, qutuların içərisində 5916 blok, hər blokda 10 ədəd olmaqla 59160 ədəd müxtəlif növ siqaret olduğu müəyyən edilib.
Bununla yanaşı, Xəzər dənizinin cənub istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb, dəniz istiqamətləndirici nişanına bağlanmış 1 ədəd selofan torbanın içərisində ümumi çəkisi 745 qram narkotik vasitəyə (515 qram marixuanaya, 230 qram heroinə) oxşar maddə aşkar edilərək götürülüb.
Qeyd edilən bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.