Vətən Müharibəsində iştirak edən qazimiz Sadıqbəyli Ramin Qaçay oğlu Kürdə batıb.
Lent.az-ın məlumatına görə, onun adı FHN-nin gündəlik hadisələrlə bağlı yaydığı məlumatda da qeyd olunur. Belə ki, nazirliyin yaydığı rəsmi məlumatda bildirilir ki, yanvarın 31-də Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxmış 38 yaşlı Yusifov Səfxan Aydın oğlu və 26 yaşlı Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına əsaslı şübhələrin olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar olaraq, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
İlkin axtarış tədbirləri çərçivəsində fevralın 1-də Kür çayında xüsusi qarmaqlar vasitəsilə kəşfiyyat işləri, sahil zolağında və çayətrafı ərazilərdə vizual baxış tədbirləri həyata keçirilib. İlkin axtarış tədbirləri nəticəsində çay qırağında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub.
Qeyd edək ki, onun anası Mehriban Sadıqbəyli sosial şəbəkədə Kürdə batan oğlunun axtarılması barədə məlumat paylaşıb. Apardığımız araşdırma ilə qazimizin ad, soyad və ata adının FHN-in yaydığı məlumatla eyni olduğunu öyrəndik. Hadisəni dəqiqləşdirmək üçün paylaşım edənlərdən qazinin qonşusu Aynur İsmayılova ilə əlaqə saxladığımız zaman faktı saytımıza təsdiqlədi. O, həmçinin Qubadlı-Zəngilan rayonlarının azad olunmasında iştirak edən R.Sadıqbətyli Bakıda Yasamalda qaldığını bildirib. Mingəçevirə isə əmisigil ona qurban kəsmək üçün çağırmışdı.