Meşəli qətliamında təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Lent.az xəbər verir ki, prosesdə prokuror Vaqif Xaçatryana sual ünvanlayıb.
Prokuror:
Vaqif, 44 günlük müharibədən sonra kənd sakinləri qorxdunuz tutulmaqdan? Hiss edirdinizmi ki, Meşəli hadisəsinə görə cəza alacaqsınız?
Vaqif Xaçatryan:
O hadisəni törədənlər ölüblər. Allah onları öldürərək cəzalarını verib.
***
saat 12:00
Meşəli qətliamında təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Lent.az xəbər verir ki, prosesdə üzrlü səbəbdən məhkəməyə gəlməyən zərərçəkmişlərin ifadələri elan edilib.
Zərərçəkmiş Elnarə Mehraliyevanın istintaqdakı ifadəsi:
“Mən doğulan gündən kənd boşalana qədər ailəmlə Meşəlidə yaşamışam. 1988-ci ildə 7 yaşım vardı. Amma çox hadisəni xatırlayıram. Ailə üzvlərimizin dediyinə görə, ermənilər bizim milləti qırmaq üçün fürsət axtarırmış.
1991-ci ildə 10 yaşım vardı. Meşəli erməni kəndlərinə yaxın olduğundan sakinlər özlərini qorumaq üçün polis postu yaratmışdılar. Eşitdiyimə görə, əhalimizi qorumaq üçün Milli Ordudan əsgərlər də gəlmişdi. Kəndin müdafiəsində iştirak edirdilər.
Hadisə zamanı mən nənəmgildə qalmışdım. 23 dekabrda səhər saatlarında məni yuxudan oyadıb ermənilərin hücum etdiyini dedilər. Biz də qonşu Novruz kişi ilə qaçdıq. Ermənilər mühasirəyə aldıqları üçün evdən qaça bilmirdik. Amma evin üstü yanmağa başlamışdı deyə, məcbur evdən çıxdıq.
Qaçmaq istəyərkən ayaqlarımdan, əlimdən yaralandım. Bibim belindən yaralandı, Novruz dayının qızını isə ermənilər həmin an öldürdülər. Bibimin saçları yanırdı. Elmira Novruz kişinin oğluna dedi ki, məni vur ermənilərə əsir düşməyim. Novruzun digər qızını da vurub öldürdülər. Mən isə qaça-qaça çıxdım evdən. Mən hamıdan qabaqda idim. Qaçanda boyu uzun, yanağında qara xalı olan erməni ilə rastlaşdım. Amma nədənsə məni vurmadı. Qonşumuzda bir oğlanı həmin erməni yanına çağırdı, yanında getmədiyi üçün başından güllələdi. Nəhayət, əsgərlərimizin yerləşdiyi köhnə məktəbin binasına çatdıq.
Biz qaçdıqdan 9-cu sinifdə mənlə bir yerdə oxuyan İsmayılın meyitini orda qoyduq. Qarqar çayında buz qırıldığı üçün ayağım yaralandı. Atam məni belina alıb yola davam etməyə başladı. Bir neçə gün sonra kənd camaatının çoxunu həlak olduğunu eşitdik. Bildiyimə görə, Meşəliyə hücum edənlər Badara erməniləridi. Onlara da kömək edən rus əsgərləridir”.
Zərərçəkmiş 90 yaşlı Firuzə Mehraliyevanın istintaqdakı ifadəsi:
“Mən uşaq olan zaman ailəmlə birgə Xocalının Meşəli kəndinə köçmüşük. Bir müddət sonra ailə həyatı qurmuşam. Heyvandarlıqla məşğul olmuşuq. 22 dekabr 1991-ci ildə səhər saatlarında qəfl erməni quldurlarının hücumuna məruz qaldıq. Pəncərələrimiz sındırıldı, evimiz dağıdıldı.
Ailə üzvlərimizlə birgə döşəmənin altında gizlənmişdik. Ermənilər evimizə daxil olub silahın lüləyini mənim alnıma dayadı. Səs-küy saldığım üçün təpiklə məni döydülər. Daha sonra, evimizi güllə yağışına tutdular. Onlara qarşı çıxan 2 polis öldürüldü. Bir neçə saat sonra Tofiq Hüseynovun dəstəsi gəlib bizi ermənilərin əlindən aldı. Bizi girov götürən ermənilərin birinin qulağında sırğa var idi.
Evə hücum edənlərin adları Armayis, Ermes, Slavik idi.
Mən onları əvvəldən tanıyırdım. Badara kəndində yaşayırdılar.
Həmin hadisədə dayım oğlu Allahverdi Novruzovu, anası və bacısını öldürüb, qardaşı Baratı isə girov götürmüşdülər”.
***
Saat: 11:32
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.
Lent.az xəbər verir ki, iclasa Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev sədrlik edir.
Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.
Prosesə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılır.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.