Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu İsmayıllıda körpəni vuran bağça müəlliməsinin məsuliyyətə cəlb olunması ilə bağlıdır.
Yanvarın 13-ü axşam saatlarında sosial şəbəkədə yayılan görüntülər hər kəsin hiddətinə səbəb oldu. Görüntülərdə İsmayıllı rayonunda yerləşən uşaq bağçalarının birində baş verən xoşagəlməz hadisə əks olunub. Belə ki, bağça müəlliməsi şirniyyat yeyən 2 yaşlı körpənin üstünə qışqıraraq onu başından möhkəm vurur. Video sosial şəbəkədə yayılandan sonra izləyicilər həmin müəlliməyə sərt cəza verilməsini tələb etdilər.
Bəs görəsən qanunvericiliyə əsasən həmin müəlliməyə hansı cəza verilə bilər?
Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev cavab verib. Həmsöhbətimiz sözügedən faktla bağlı bağça tərbiyəçisinin inzibati qaydada məsuliyyətə cəlb olunacağını düşünür:
“Bağça müəlliməsinin əməlində döymə, vurma, psixi zorakılıq göstərilməsi mütəmadi xarakter daşıyıbsa, Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Çünki, burada təkcə vurmaqdan söhbət getmir. Azərbaycanda zorakılıq deyəndə ancaq döymək başa düşülür. Amma zorakılıq psixi də ola bilər, burada psixi zorakılıq da var. Görüntülərdən də aydın olur ki, uşağın üstünə qışqırırlar. Bu da cinayət məsuliyyətinə səbəb ola bilər. Amma bunun üçün həmin halların mütəmadi, ən azı 3 dəfə təkrarlanmasını sübut etmək lazımdır. Bu isə asan deyil.
Həmçinin nəzərə almaq lazımdır ki, sözügedən hadisə vəzifə cinayəti sayılmır. Həm Cinayət Məcəlləsinə, həm də Konstitusiya Məhkəməsinin şərhinə görə, bağça müəlliməsi vəzifəli şəxs sayılmır. Vəzifəli şəxs olsa idi də belə ortada vəzifə cinayətləri üçün mühüm zərər yoxdur. Bu hadisədə düşünürəm ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə tərbiyəçi inzibati məsuliyyətə cəlb oluna bilərdi. Amma tərəflər arasında barışıq əldə olunsa, bu inzibati məsuliyyətə də xitam veriləcək”.