Naxçıvanda sosial şəbəkədə nalayiq ifadələr işlədən saxlanılıb.
Lent.az-ın xəbərinə görə, hadisə Culfa rayonu ərazisində qeydə alınıb.
Rayon sakini olan 53 yaşlı Bərxudar Poladov (ad və soyad şərtidir) Emil (şərti adla) ilə birgə "tiktok"da canlı yayım açıb. Bu zaman Bərxudarın tanımadığı şəxs canlı yayıma qoşulmaq istəyib və Emil ona icazə verib. Buna görə Bərxudar Emilə irad bildirib. Sonra həmin şəxs rəy bölümündə onları təhqir edib. Hiddətlənən Bərxudar rus və Azərbaycan dillərində nalayiq ifadələr işlədib və əxlaqsız hərəkətlər edib.
Bu hərəkətlərinə görə, şirkətlərdən birində elektrik işləyən Bərxudar Poladov polis şöbəsinə çağırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə ) maddəsilə protokol tərtib edilib.
Bərxudar Poladov əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində inzibati qaydada cərimələnib.
Qeyd edək ki, bu gün daha bir nəfərin "tiktok" sosial şəbəkəsində canlı yayımda nalayiq ifadələr işlətdiyi üçün həbs olunması barədə xəbər vermişdik.