Tərtərdə yanan ər-arvad öldürülübmüş - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI  - YENİLƏNİB
07 avqust 2026 11:15 (UTC +04:00)

Tərtərdə yanan ər-arvad öldürülübmüş - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI - YENİLƏNİB

0

Baş Prokurorluq Tərtərdə törədilən dəhşətli cinayət hadisəsi ilə bağlı məlumat yayıb.

Lent.az-da daxil olan məlumatda qeyd olunur ki, yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib.

Belə ki, Tərtərdə fərdi yaşayış evində baş vermiş yanğınla bağlı aparılan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin əslində iki şəxsin qəsdən öldürülməsi ilə müşayiət olunan ağır cinayət olduğu müəyyən edilib. Cinayətin izlərini gizlətmək məqsədilə evə od vurulduğu, hadisə nəticəsində evdə yaşayan ər-arvadın öldürüldüyü və külli miqdarda pul vəsaitinin ələ keçirildiyi müəyyən olunub.

Belə ki, 2026-cı il avqustun 6-da Tərtər şəhəri, Nəriman Nərimanov küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunaraq yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Yanğın söndürüldükdən sonra evə keçirilən baxış zamanı orada yaşayan 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və onun arvadı, 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının meyitləri aşkar edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İlkin olaraq yanğın hadisəsi kimi qeydə alınan faktın bütün hallarının, o cümlədən şəxslərin ölüm səbəblərinin və yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin prokuror-kriminalistləri, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinin müstəntiqləri, Tərtər rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları,  habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə qısa müddətdə genişmiqyaslı və kompleks istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, zəruri ekspertizalar təyin edilib, çoxsaylı şəxslər dindirilib, əldə olunmuş məlumatlar qarşılıqlı əlaqələndirilərək təhlil edilib.

Toplanmış dəlillərlə yanğının təsadüfi xarakter daşımadığı, hadisənin qəsdən adam öldürmə ilə əlaqəli olduğu müəyyən edilib.

İbtidai istintaqla Baxşəliyev Vüqar Mehman oğlunun avqustun 6-da qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evindən külli miqdarda pul vəsaitini ələ keçirməsi, törətdiyi oğurluq cinayətinin izlərini gizlətmək məqsədilə evdə yanğın törədərək orada yaşayan Əsgər Səmədovla Adilə Hüseynovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əldə edilmiş sübutlar əsasında Vüqar Baxşəliyevin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədilə adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədilə adam öldürmə) və 120.2.7-ci (iki şəxsi öldürmə) maddələri ilə tövsif edilib və o, prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə icraat Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsində davam etdirilir.

Cinayətin bütün hallarının, o cümlədən onun törədilməsinə səbəb və şəraitin tam və hərtərəfli araşdırılması, hadisəyə hüquqi qiymət verilməsi istiqamətində zəruri tədbirlər icra olunur.

***

saat 10:20

Dünən Tərtərdə ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədildiyi məlum olub. 

Lent.az xəbər ki, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi tədbirləR nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev saxlanılıb. 

Məlum olub ki, o, dünən səhər saatlarında 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və həyat yoldaşı 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının yaşadığı evə oğurluq məqsədilə daxil olub. Oradan 17 min manat götürüb və evə od vuraraq uzaqlaşıb. 

***

6 avqust, saat 10:27

Tərtərdə dəhşətli yanğın hadisəsi olub.

Lent.az-ın xəbərinə görə, hadisə səhər saat 6 radələrində rayon mərkəzində qeydə alınıb.

Burada yaşayış evlərinin birində güclü yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın söndürüldükdən sonra mənzildən 2 meyit aşkarlanıb.

Faciəvi şəkildə yanaraq ölənlərin ev sahibi 85 yaşlı Səmədov Əsgər Vəli oğlu və arvadı 72 yaşlı Hüseynova Adilə Soltan qızı olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2570

Oxşar yazılar