Taleh Qaraşovu öldürmək istəyənin  məhkəməsi başladı
16 oktyabr 2024 09:07 (UTC +04:00)

Taleh Qaraşovu öldürmək istəyənin məhkəməsi başladı

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Bununla yanaşı, təqsirləndirilən Bəhruz Əskərov məhkəməyə şifahi vəsatətlə müraciət edib.

O, məhkəmədən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Məhkəmənin baxış iclası oktyabrın 29-na təyin olunub.

Xatırladaq ki, DTX tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməkdə ittiham olunur.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2925
avatar

Oxşar yazılar