Bakıda polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə İsmayıl Məmmədovun vəkili Qanqa İbrahimov bildirib ki, işə yeni qoşulub, cinayət işinin materialları ilə tanış olmayıb. O, bu məqsədlə məhkəmədən ona vaxt verilməsini xahiş edib.
Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi də iştirak edib. O bildirib ki, elektron formada məhkəməyə vəsatət göndərib. Hakim həmin vəsatətin növbəti iclasda müzakirəyə çıxarılacağını deyib.
Hazırlıq iclası yanvarın 25-nə təxirə salınıb.
Qeyd edək ki, Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.