İyulun 23-də Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazidə batmış 3-cü şəxsin də meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 17 yaşlı Bəşirzadə Rəvan Tacıəhməd oğlunun meyitini nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri taparaq aidiyyəti üzrə təhvil verib.
***
16:37
Siyəzən rayonunda dənizdə batan şəxslərdən daha birinin meyiti tapılıb.
Zarat kənd sakini Manafov Mehdi Elgün oğlu cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər şəxsin axtarışları davam etdirilir.
***
09:37
Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb.
Lent.az xəbər verir ki, 17 yaşlı Nemət Əhmədovun cəsədi Xəzər dənizinin Zarat kəndi ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
saat 00:11
Siyəzəndə dənizdə batan üç nəfərin kimliyi müəyyənləşib.
Lent.az APA-ya istinadən xəbər verir ki, dənizdə boğulanlar Zarat kənd sakinləri 16 yaşlı Mehdi Manafov, 17 yaşlı Rəvan Bəşirov və onun həmyaşıdı - Bakı şəhər sakini Nemət Əhmədovdur.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.
***
23.07.2023
22:24
Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə bir neçə nəfər batıb.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.