Sumqayıtda silsilə qətllər törədən “Əmioğlu” ləqəbli Eldar Cabbarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatına verilib.
Qeyd edək ki, ötən ilin fevral ayında əvvəllər Cinayət Məcəlləsinin 145.2, 226.1 (köhnə redaksiyada), 221.3, 228, 229.1, 120.1, 234.1 və 182.2.4-cü maddələri ilə dəfələrlə məhkum olunmuş “Əmioğlu” ləqəbli Eldar Cabbarov tutulub. Saxlanılan zaman onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək aşkar olunaraq götürülüb.
İstintaq zamanı həmçinin müəyyən edilib ki, Eldar Cabbarov 2019-cu ilin sentyabrında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun “Mercedes” markalı avtomobilini və həmin nəqliyyat vasitəsinin yük yerində olan 4 350 manat nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb.
Sumqayıt şəhər Polis İdarəsində Eldar Cabbarovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun fevralın 22-dən Sumqayıt şəhəri ərazisindən idarə etdiyi “Mersedes” markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi də müəyyən edilib. Eldar Cabbarov həmin şəxsi qətlə yetirəndən sonra izi itirmək məqsədi ilə meyiti Abşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən meyitin yeri müəyyən edilərək eksqumasiya edilib. Eldar Cabbarov qətli törədən zaman istifadə etdiyi “Makarov” markalı odlu silahı patronları ilə birgə polis əməkdaşlarına təhvil verib.