Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova hökm oxunub.
Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Səlim Müslümov barəsində ittiham oldunduğu maddələrlə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Lakin məhkəmə onun dövlətə vurduğu ziyanın əksər hissəsini ödədiyini nəzərə alaraq, cəzanın 5 ilini sınaq müddəti olmaqla şərti hesab edib.
Bundan başqa, hökmə əsasən, keçmiş nazirin 8 milyonluq əmlakı da müsadirə ediləcək.
Keçmiş nazir barəsində ev dustaqlığı qətimkan tədbiri isə başqa yerə getməmək qətimkan tədbiri ilə əvəzlənib.
***
18:04
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror Səlim Müslümovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.