Rusiya Daxili İşlər Nazirliyinin Korkino şəhər Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Vladimir Dyakin vəzifəsindən uzaqlaşdırılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə nazirliyin Çelyabinsk vilayəti üzrə Baş İdarəsinin rəisi Sergey Kosmaçev açıqlayıb.
Qeyd olunu ki, buna səbəb bir müddət əvvəl şəhərdə 17 yaşlı qaraçı yeniyetmənin taksi sürücüsünü bıçaqlayaraq öldürməsi olub. Bu hadisəyə görə, şəhər sakinləri kəskin etiraz keçiriblər.
Yerli sakinlərlə görüşdə Kosmaçev Korkinoda yaşayan qaraçıların davranışı ilə bağlı vətəndaşların şikayətlərini də qəbul edib. Eyni zamanda, o, sakinlərə izah edib ki, vilayət rəhbərliyi bütün qaraçıları deportasiya edə bilməz, çünki onların çoxu Rusiya vətəndaşıdır. Kosmaçev həmçinin hüquq-mühafizə orqanları əməkdaşlarının miqrasiya sənədlərini hərtərəfli yoxlayacaqlarına söz verib.