Samuxda qanunsuz saxlanılan ov silahları müsadirə edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən xəbərə görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirləri nəticəsində 14 nəfərdən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb. Həmin silahlar müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.
Bundan başqa Polis Şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması məqsədilə rayon ərazisində reyd keçirilib. Keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən ətraf mühitin çirkləndirilməsi halları ilə bağlı 13 fakt aşkarlanıb. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunaraq hər biri 50 manat məbləğində cərimələnib.