Cinayət törədib Rusiysya qaçan iki şəxs Azərbaycana qaytarılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hüseynov Sadiq Telman oğlunun –2012-2013-cü illər ərzində Şamaxı şəhərində digər şəxslərlə əlbir olaraq 2 şəxsi öldürməyə cəhd etməsinə, Şamaxı şəhərində oğurluq və xuliqanlıq cinayətlərini törətməsinə və həmçinin 2013-cü il martın 26-da istintaq təcridxanasında saxlanıldığı zaman qadağan olunmuş əşya olan mobil telefondan istifadə etməsinə, Yasamal rayon Polis İdarəsinin İstintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məmmədov Əhməd İbrahim oğlunun– 2014-cü il ərzində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu şəxslər barəsində beynəlxalq axtarış elan edilib.
Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Baş Prokurorluq Rusiyanın Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Sadiq Hüseynov və Əhməd Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya ediliblər.