Yardımlıda dərədə gizlədilən 39 kiloqram narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Yardımlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitələr, psixotrop maddə və güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Əldə edilən əməliyyat məlumatları əsasında şübhəli şəxs qismində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Namik Ağayev saxlanılıb. Həmin şəxsin dərədə, kolluq ərazidə gizlətdiyi torbalardan ümumilikdə 35 kiloqram 400 qram marixuana, 3 kiloqramdan artıq heroin, 476 qram metamfetamin 30 ədəd güclü təsiredən xassəyə malik müxtəlif növ həblər aşkarlanaraq götürülüb. Araşdırma zamanı N.Ağayevin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və qaçaqmalçılıq yolu ilə əldə etdiyi narkotik vasitələri həmin şəxsin göstərişi əsasında deyiləcək yerlərdə gizlətməli olduğu müəyyən edilib.
Faktla bağlı Yardımlı rayon Polis Şöbəsində araşdırma aparılır.