Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonunun Qrızdəhnə kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” markalı minik avtomobili təqribən 60 metr hündürlükdən dərəyə yuvarlanıb, avtomobilə yaxın ərazidə 2 nəfərin meyiti aşkar edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hər iki şəxsin meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobilə baxış zamanı orada heç kimin olmadığı müəyyən olunub.
Axtarış işlərini davam etdirmək zərurəti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hal-hazırda Qudyalçay çayında və çayətrafı ərazidə axtarış işləri aparılır.
Əlavə məlumat veriləcək.
***
saat 09.04
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qrız Dəhnə kəndində qeydə alınıb.
1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi "Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsində sürücü ilə bərabər sərnişin - 1970-ci il təvəllüdlü İlham Əhmədov da dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.