2020-ci ilin iyul ayında Hacıqabulda qadını öldürüb yol kənarına atan Hikmət Fərəcovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Mahmud Ağalarovun icraatına verilib.
Qeyd edək ki, 2020-ci ilin iyulun 30-da saat 10 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitinin aşkar olunması barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla mərhumun 1968-ci il təvəllüdlü Gülxara Qubadlı olması müəyyənləşib.
Həmçinin, elə həmin gün paytaxtın Səbail rayonu Z.Əliyeva küçəsində Masallı rayon sakinin 1999-cu il təvəllüdlü Əli Rəcəbzadəyə yaşadığı mənzildə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.
Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Əli Rəcəbzadəyə bıçaqla xəsarətlər yetirməkdə şübhəli bilinən Hacıqabul rayonu, Nəvahi kənd sakini Hikmət Fərəcov saxlanılıb. Polis Bölməsində dindirilmə zamanı Hikmət Fərəcov iyulun 30-a keçən gecə Hacıqabul rayonu ərazisində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında Gülxara Qubadlını qətlə yetirdiyini də etiraf edib. O, Hacıqabul rayonunda hadisəni törədəndən sonra qadının çantasındakı pulu da götürərək Bakı şəhərinə gəlib. Bakıda isə sosial şəbəkələrdən birində tanış olduğu Əli Rəcəbzadənin evinə yollanıb. Hikmət Fərəcov özü ilə gətirdiyi bıçaqla orada həmin şəxsə də xəsarətlər yetirib.