Binəqədi rayonunda qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində bu ilin oktyabr ayında qeydə alınan soyğunçuluq hadisəsini törədən şəxs saxlanılıb. Əməliyyat zamanı soyğunçuluq etməkdə şübhəli bilinən Elman Verdiyev tutularaq Polis Bölməsinə gətirilib.
Qeyd edək ki, E.Verdiyev hadisə günü S.S.Axundov küçəsində paytaxt sakini olan bir qadının dəyəri 1000 manat olan qızıl boyunbağısını dartıb ələ keçirərək hadisə yerindən qaçıb. Saxlanılan şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edərək taladığı boyunbağını qızıl qəbulu məntəqələrindən birində 400 manata satdığını qeyd edib.
Elman Verdiyev barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.