Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları paytaxtın Nizami rayonunda pirotexniki vasitələrin satışına qarşı əməliyyat tədbirləri keçirib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayon ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən vətəndaş Emin Tağıyev saxlanılıb. Sonra onun yaşadığı mənzilə baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitə aşkar olunaraq götürülüb.
Növbəti belə tədbir Binəqədi rayonunda keçirilib. Biləcəri qəsəbəsində mağazalardan birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını təşkil edən vətəndaş Anar Abdulxalıqov saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilib. Həmin şəxsin fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zamanı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Növbəti analoji fakt da Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsində aşkarlanıb. Qəsəbə ərazisində yerləşən vətəndaş Ülvi Vəliyev priotexniki vasitələrin satışını həyata keçirəndə saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə gətirilib.
Abşeron rayonu Mehdiabad qəsəbəsində də pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlər zamanı tezalışan maddələrin satışı ilə məşğul olan vətəndaş Nurlan Hüseynov tutularaq ərazi üzrə Mehdiabad Polis Bölməsinə gətirilib.
Saxlanılan şəxslərin hər birindən aşkar olunan pirotexniki vasitələr müsadirə olunub. Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və toplanan materiallar müvafiq qərar verilməsi üçün məhkəmə orqanlarına göndərilib.
Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcək.