2020-ci il ərzində respublika üzrə oğurlanan, qaçırılan 197 nəqliyyat vasitəsindən 187-i isti izlərlə tapılıb, 10 avtomobillə bağlı isə axtarış tədbirləri davam etdirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, respublikanın rayonlarından qaçırılan 53 avtomobildən 49-u, Bakıda isə 144 avtomobildən 138-i tapılıb.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə oğurlanan, qaçırılan nəqliyyat vasitələrinin sayı 3 fakt, axtarışda qalan avtomobillərin sayı isə 6 fakt azalıb.
Aparılmış təhlillər zamanı müəyyən edilib ki, bu növ cinayətlər əksər hallarda sutkanın qaranlıq vaxtları törədilir və cinayətin obyekti əsasən yaşayış zonalarından uzaqda, işıqlandırılmamış yol sahələrində saxlanılmış, kilit sistemi zəif olan, alarm sistemi olmayan və asan hərəkətə gətirilən (əsasən Rusiya Federasiyasının istehsalı olan və istehsal illəri köhnə olan) nəqliyyat vasitələridir.
Qeyd olunanları nəzərə alaraq, bu kimi cinayətlərin qarşısının alınması, əmlaklarının hüquqa zidd əməllərdən qorunması üçün avtomobil sahibləri və sürücülərdən xahiş edirik ki, nəqliyyat vasitələrini saxlayarkən yuxarıda göstərilən hallara diqqət yetirsinlər.