Bakı şəhərində 2019-cu ildə prokurorluq və daxili işlər orqanları üzrə cəmi 11176 törədilmiş cinayət hadisəsi qeydə alındığı halda, 2020-ci ildə 667 hadisə azalaraq 10509 hadisə qeydə alınıb, ağır və xüsusilə ağır cinayətlərin sayı 171 vahid artaraq 1449 olub, qeyd olunan cinayət hadisələrinin açılma faizi 86,1%-ə yüksəlib.
Lent.az bildirir ki, bu barədə Bakı şəhər prokuroru İlqar Abbasov Bakı şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində məlumat verib.
Qeyd olunub ki, hesabat dövründə ötən illə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin sayı 19 fakt azalaraq 47 cinayət hadisəsi qeydə alınıb ki, onlardan 45-nin açılması təmin edilib. Bağlı qalan qətl hadisələrindən birinin istintaqı hazırda Baş Prokurorluğun İstintaq idarəsində, digəri isə Suraxanı rayon prokurorluğunda davam etdirilir.
Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olan məsələlərdən biri də quldurluq və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması olub, 2019-cu illə müqayisədə hesabat dövründə 51 quldurluq hadisəsi qeydə alınıb ki, bu ötən illə müqayisədə 22 hadisə az olub, həmin hadisələrdən 2-si bağlı qalıb.
Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2019-cu illə müqayisədə 46 hadisə azalaraq 160 hadisə olub, onlardan 4-ü bağlı qalıb.
Bildirilib ki, Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən digər illərdə olduğu kimi 2020-ci ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kəsərli mübarizə tədbirləri davam etdirilib, hesabat dövründə bu qəbildən olan cinayətlərlə bağlı 463 fakt (1707), satışla bağlı isə 2020-ci il ərzində 238 (692) fakt artım qeydə alınıb.
Şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluğun icraatında olan 873 işdən 460-ı, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 11943 cinayət işindən 4393-nün istintaqı tamamlanıb. Onlardan polis orqanları tərəfindən 3358, prokurorluq orqanları tərəfindən 137 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Hesabat dövründə prokurorluq və daxili işlər orqanları tərəfindən prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ümumilikdə 20.672.432 manat məbləğində maddi ziyanın 18.724.325 manatı və ya 90,6%-nin istintaq zamanı ödənilməsi təmin edilib.