Qanunsuz ov və satış həyata keçirənlərə qarşı tədbir görülüb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Abşeron rayonu Mehdiabad qəsəbəsində Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə cinsli balıqların satışı ilə məşğul olan Əli Məmmədovu müəyyən ediblər. Həmin şəxsə məxsus obyektə baxış zamanı külli miqdarda nərə balığı aşkar olunaraq götürülüb.
Araşdırma zamanı onun müvafiq icazəsi və kvotası olmadan nərə balıqların qeyri-qanuni satışını təşkil etdiyi məlum olub. Baxış zamanı obyektdə müvafiq dövlət qurumları tərəfindən saylarının çoxaldılması üçün Xəzər dənizinə buraxılan körpə nərə balıqların da tutularaq burada satışa çıxarıldığı məlum olub. Polislər tərəfindən obyektin sahibi Əli Məmmədov barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.
Su Polisləri adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilməsi istiqamətində də tədbirlər davam etdirilir. Lənkəran şəhərində keçirilən reyd zamanı ovçuluq bileti olmadan bu fəaliyyətlə məşğul olan Vasif Qurbanov saxlanılıb. Ondan ümumilikdə 18 ədəd ovlanması qadağan olunan “Qu quşu”, Qırqovul”, “Çöl ördəyi” və “Çöl qazı” aşkar olunaraq götürülüb.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının xidməti ərazidə keçirdikləri sonuncu tədbir zamanı isə odlu silah-sursat aşkar edilib. Bakı şəhəri istiqamətində Xəzər dənizi sahilində polis əməkdaşları iri daş parçalarının arasında gizlədilən 1 ədəd tapança, 1 ədəd avtomat darağı və 15 ədəd patron aşkar edərək götürüblər. Silah-sursatın kim tərəfindən həmin ərazidə gizlədilməsinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında, Sarısu və “Şahdağ” Milli Qoruğu ərazisindəki su hövzələrində qanunsuz olaraq ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri davam etdirilir.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq davam etdirilir.
Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.