Naxçıvan gömrükçüləri narkotik qaçaqmalçılığı üzrə daha bir cəhdin qarşısını alıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, muxtar respublika ərazisindən tranzit keçməklə Türkiyəyə, oradan da təyinat ölkəsi Almaniyaya mebel və xalça yükü aparan “DAF” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə gömrük baxışı zamanı əşyaların içərisində şübhəli təsvirlər müəyyən olunub.
Şübhəli təsvirlər əsasında nəqliyyat vasitəsinin qoşqusuna baxış keçirilən zaman 6 ədəd kreslonun və 1 ədəd divanın qoltuq hissələrində gizlədilən 26 ədəd bağlamada ümumi çəkisi 47 kiloqram 376 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.