Külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, yanvarın 29-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar-Gömrük avtomagistral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 3 nəfərin olduğu yaşıl rəngli "Mersedes" markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib. Yolun kənarında gizli yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən şübhəli sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq qaçmağa çalışarkən saxlanılıb.
47 yaşlı Bakı şəhər sakini Məlikov Pərviz Baba oğlu olduğu müəyyənləşdirilən şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 410 qram narkotik vasitə və psixotrop maddəyə (3 kq 275 qr “metamfetamin” və 5 kq 135 qr “tiryək”) oxşar maddələr aşkar olunaraq götürülüb.
Sərhədçilər tərəfindən P.Məlikovun saxlanılmasını müşahidə edən avtomobildəki digər şəxslər hadisə yerindən qaçıb. Lakin onlar Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində saxlanılıb. Müqavimət göstərən avtomobil sürücüsü gömrük əməkdaşlarının xidməti avtomaşınına ziyan vurub.
Saxlanılan şəxslərin Bakı şəhər sakinləri, 43 yaşlı Həsənxanov Nəbi Yusif oğlu və 34 yaşlı Süleymanova Elmira Sabir qızı olmaları, N.Həsənxanovun dəfələrlə müxtəlif cinayət hadisələrinin törədilməsinə, o cümlədən narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilmişdir.
Araşdırma zamanı P.Məlikov və E.Süleymanova törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitəni götürməyə gəldiklərini bildirmişlər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.