Yevlaxda narkotik alqı-satqısı ilə məşğul olan dəstə saxlanılıb.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilir ki, Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz daşımasında şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Mətləb Şükürov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 5 qramdan artıq güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.
Araşdırmalarla M. Şükürovun ondan aşkar edilmiş narkotik vasitəni Yevlax rayon sakini, əvvəllər Rusiyada məhkumluq həyatı yaşamış Aqil Əsgərov ilə birlikdə satış məqsədi ilə əldə edib saxladıqları müəyyənləşdirilib.
Davam etdirilən genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinin davamı olaraq narkotik vasitənin mənbəyi də müəyyən edilib. Məlum olub ki, M. Şükürov və A. Əsgərovun satış məqsədi ilə əldə etdikləri narkotik vasitəni Yevlax rayon sakini Fərid Həmidov vasitəsi ilə digər rayon sakini, əvvəllər Rusiyada məhkumluq həyatı yaşamış Feruz Mustafayevdən 150 manat pul müqabilində aldıqları məlum olub. F. Mustafayevin üzərinə baxış keçirilərkən ondan satış məqsədi ilə qablaşdırdığı heroin və marixuana da aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adı hallanan 4 nəfər şəxs şübhəli qismində tutulub.