İstanbulun Anadolu bölgəsində yerləşən Şile qəsəbəsində oğurluq etməkdə təqsirləndirilən 4 Azərbaycan vətəndaşı saxlanılıb.
Lent.az xəbər verir ki, Şiledə usta işləyən Azərbaycan vətəndaşları N.M., N.N., R.A. və H.A. Kılıçarslan məscidindən inşaat materiallarını oğurlayıblar. Hadisə avqustun 5-i gecə saatlarında Şilenin Meydan küçəsində baş verib.
Hadisənin üstü ərazidən keçən bir sakinin diqqəti sayəsində açılıb. O, gecə saatlarında bir neçə nəfərin tünd qırmızı rəngli maşına tikinti materialları yüklədiyini görərək polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları şübhəliləri cinayət başında yaxalayıblar.
Şile polisinin apardığı araşdırma nəticəsində oğurlanan digər materiallar Kabakoz kəndində yerləşən ev tikintisində aşkarlanıb. Oğurlanan tikinti materiallarının bazar dəyərinin təxminən 150 min Türkiyə lirəsi olduğu bildirilib.
Hadisədən sonra saxlanılan dörd Azərbaycan vətəndaşı ölkədən deportasiya edilib. Oğurlanan materialların aşkarlandığı tikilinin isə qanunsuz olduğu müəyyənləşib. Şile Bələdiyyəsi tikintini möhürləyərək fəaliyyətini dayandırıb. Oğurlanan tikinti materialları geri qaytarılıb.



