Astarada intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Xəzər dənizinin Astara rayonunun Şahağacı kəndindəki sahilində qeydə alınıb.
Kənd sakini, 1959-cu il təvəllüdlü Validə Dadaşova bu gün səhər saatlarında dənizin sahilinə gedərək intihar edib.
Onun həyat yoldaşı Sədaqət Dadaşov səhər yuxudan oyananda V. Dadaşovanın evdə olmadığını görüb. Stolun üstündə isə “Məni dənizdə axtarın” yazılmış bir məktub tapıb. Dənizin sahili yaxın olduğu üçün S. Dadaşov qohumlarla birgə sahilə gediblər. Ərazidən əvvəlcə V. Dadaşovanın ayaqqabıları, daha sonra isə cansız bədəni tapılıb.
Əldə etdiyimiz məlumata görə, 62 yaşlı Validə Dadaşova uzun illərdir ki, xəstəlikdən əziyyət çəkirmiş. Hətta xəstəliklər səbəbilə bir neçə il əvvəl onun dişləri də tökülüb. Davamedən xəstəliklər son zamanlar onun psixi durumuna da təsirsiz ötüşməyib. Onun ağrılardan bezərək özünə qəsd etdiyi bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.