“Mən hacıyam, oruc tuturam...”  – Maqsud zərərçəkənləri Allaha tapşırdı
13 aprel 2022 19:31 (UTC +04:00)

“Mən hacıyam, oruc tuturam...” – Maqsud zərərçəkənləri Allaha tapşırdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1,6 milyon manatlıq dələduzluq əməllərinə görə həbs edilən keçmiş iş adamı, bloqer Maqsud Mahmudovun cinayət işi üzrə hakim Faiq Qəniyevin sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, prosesdə hakim iştirakçılara etik normalara riayət etmələrini tələb edib:

“Ötən prosesdə zərərçəkmiş və təqsirləndirilən şəxs arasında mübahisə baş verdiyindən proses təxirə salınıb. Prosesdə iştirak edən şəxslər etik normalara riayət etməlidirlər”. 

"Maqsud ara adamıdır..."

Əvvəlcə zərərçəkmiş Rasim Bayramov ifadə verib. O, lombarda 850 min manat dəyərində qızıl qoyduğunu dedi:

"Maqsud həmin malları banka qoyub pul götürüb. İki aydan çoxdur ki, gəlib-gedirəm, nəticə yoxdur. Mənim malımı bankdan götürsün, qaytarsın".

Maqsud Mahmudovu 1983-cü ildən tanış olduğunu bildirən zərərçəkmiş diqqətə çatdırdı ki, onu yaxşı adam kimi tanımayıb:

"Hamımız bilirik ki, onun imkanı var. O istəsə bir evini, ya bir obyektini satsa, hamımızın pulunu qaytarar. Mən pul istəmirəm, mallarımı versin. Mən Maqsuda qızılla yanaşı, başqa mallar da vermişəm. Gəlib pul istəyib, etiraz etməmişəm, vermişəm.

Maqsud ara adamıdır, amma yaxşı adam kimi tanımamışam. Ziyalı olmasa da, etibarlı adamdır. Oğlumun boynundan qızıl boyunbağımı, atamın qızıl üzüyünü çıxarıb ona vermişəm”.

İnanmazdım ki, Maqsud mənə “atar”...

Rasim Bayramov çıxışa davam etdi:

“İş yerimdə oturmuşdum, Maqsud gəldi ki, məni öldürürlər, təcili mal ver. Mən də buna 10 ədəd qızıl saat, oğlumun qızıl boyunbağımı, atamın qızıl saatını və üzüyünü yığıb verdim. Bilirdim ki, mənim mallarımı harasa qoyub pul götürəcək. Amma inanmazdım ki, Maqsud mənə “atar”. Dedi ki, mənə əvəzində Nərimanov prospektində ev verəcək. Amma heç nə vermədi. 20 gün gəldim-getdim Maqsudun yanına, sonra eşitdim ki, qaçıb”.

İfadənin yalan olduğunu deyən Maqsud həmin malların əvəzinə ona 106 min manat ödədiyini vurğuladı:

"2020-ci ildə Ukraynada olanda qardaşım oğlu ilə mənə antik əşyalar göndərmişdin ki, satım pulu göndərim. Əgər adam aldatmışdımsa, niyə mənə antik mal göndərmisən? O malı da yoxladılar ki, antik deyil. Əgər dələduz idimsə, niyə mənə mal göndərirdin?”.

Zərərçəkmiş isə tam əksini, Ukraynaya heç bir mal göndərmədiyini israr etdi. Bildirdi ki, Maqsud Mahmudova verdiyi antik əşyalar onun yeznəsinin evindədir: 

"Mənim antik əşyalarım onun yeznəsinin, bacısının evindədir. Bacısı, yeznəsi gəlsin məhkəməyə. Onlar həmin əşyaların yerini bilirlər".

M.Mahmudov prosesdə növbəti dəfə qalmaqal yaratdı. Hakimin tələblərinə baxmayaraq zərərçəkmişi təhqir edərək söyüş söydü. 

“Maqsuddan pul almaq olar, cənab hakim?"

Hakim M.Mahmudova növbəti xəbərdarlıq etdi.

M.Mahmudov hakimə yüksək səslə:

“Mənə icazə vermirsiniz danışmağa. Siz telefon danışıqlarını çıxarın, hər şeyi görəcəksiniz. Vəsatətimi verim yoxlayın da”.

Maqsud daha sonra Rasim Bayramovu qorxaq adlandırdı.

Zərərçəkmiş isə öz növbəsində Maqsuddan pul almağın çətin olduğunu dedi: 

“Maqsuddan pul almaq olar, cənab hakim? O, heç kimə pul verməz. Mənə Ukraynadan zəng elədi, dedi ki, filan mağazaya vaza qoymuşam, yaxşı qiymət qoy. Vazalara baxıb gördüm ki, satış qiyməti 200 manatdır. Mən də üzərinə 1200 manat pul qoydum ki, satılsın. Bir neçə gün sonra həmin malları mənə gətirib dedi ki, bunları götür, mənim borcumu çıx”.

"Maqsudun məqsədi o idi ki, hamımızı batırsın..."

Sonra digər zərərçəkmiş İlham Kərimov ifadə verdi:

“Maqsud mənə 57 600 dollar ziyan vurub. Mənə zəng edib dedi ki, biri 3000 manata vazalar var, onu sat. Mən də gedib gördüm ki, o vazalar 200 manatdır. Dedim ki, Maqsud, bunları qəbul eləmirəm. Mən malları ötürdüm Rasimə. Rasim yuxarı qiymətlər qoyub satacaqdı. Amma Maqsud onları qaytardı Rasimə ki, borcundan çıxsın. Maqsudun məqsədi o idi ki, hamımızı batırsın”.

Bu zaman təqsirləndirilən şəxs sual etdi ki, 2019-a qədər bunlar niyə şikayət etmirdilər?

İ.Kərimov şikayət etdiyini bildiridi.

“Mən hacıyam, oruc tuturam...”

Maqsud Mahmudov əsəbiləşib əlindəki ifadə vərəqlərini yerə çırpdı. Qışqıraraq Rasim Bayramova nalayiq ifadələr işlətdi. 

Hakim əgər belə bir hal yenidən baş verərsə, Maqsudu zaldan çıxardıb prosesə onsuz davam edəcəklərini dedi.

Maqsud Mahmudov yenə də dinc dayanmadı, bu dəfə zərərçəkmiş Məzahir Ağayevi paxıl adlandırdı:

“Məzahir alverçidi. Həmişə mənim paxıllığımı çəkib. Ona görə indi də yalan ifadə verir”.

Maqsud sonra üzünü ifadə verənlərə tutaraq onları Allaha inanmağa səslədi:

“Allah var, yalan ifadə verməyin. Mən hacıyam, oruc tuturam”.

Hakim:

“Bura bax, Maqsud. Nə var, niyə qışqırırsan?”.

Elə bu anda Rasim Bayramov yüksək səslə:

“Allah bəlanı versin. Hamımızı bədbəxt günə qoymusan”.

Vəziyyət yenidən gərginləşdi. Maqsud Mahmudov qışqıra-qışqıra:

“Allah sənin bəlanı versin, şərəfsiz”.

Hakim yenidən xəbərdarlıq edib, prosesi təxirə saldı.

Məhkəmənin növbəti iclası aprelin 20-ə təyin edildi. 

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, həmin ilin sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3414
avatar

Fidan İlqar

Oxşar yazılar