Məhkəmə zallarından görünən reallıqlar
13 mart 2023 22:00 (UTC +04:00)

Məhkəmə zallarından görünən reallıqlar

Həmişə ətrafda xoşbəxt, üzlərində gülüş çöhrəsi olan mehriban insan toplumu görəndə düşünürsən, nə yaxşı ki, bu insanların yolu bizim peşədən keçməyib, onlar yaxın qohum-qardaş, valideyn-övlad, bacı-qardaş, dost-tanış mübahisələrinin, yaxın insanların bir-birinin qatili olması səhnələrinin şahidi deyillər. Bütün günümüzü müşahidə edən bu ab-havadan çıxanda adam dərindən nəfəs almaq, bir anlıq hər şeyi unudaraq toplumla bərabər olmaq istəyir. İstəyirsən doğmalar arasında münasibətlərin hansı faciələrə yol aça biləcəyindən kənardakılar bixəbər qalsınlar və həyatın belə bir üzünün olduğunu heç düşünməsinlər. Lakin, başqa bir qorxu hissi həmişə içimizdə bizi narahat edir-bu insanları gündəlik şahidi olduğumuz talelərdən biri qəflətən yaxalaya bilər. Ona görə onların hamısını toplayıb sanki xəbərdar etmək, insanlara münasibətdə, etibarda, sirlərini digərləri ilə bölüşməkdə ehtiyatlı olun demək istəyirik.  

Bu sözləri yazmağa sövq edən səbəb, son günlər baxılaraq yekunlaşmış və qohumlar arasında etibarın, insanların baş verənlərə biganəliyinin hansı ağır nəticələrə səbəb olması ilə bağlı cinayət işinin materialları oldu. Məhkəmə iclaslarında görünən reallıqlar çox acı, nəticəsi isə çox ağır və ağrılı olur.      

Soyuqqanlı hakim üçün cinayətkara cəza təyin etmək çətin deyil, amma, bəzən bununla ədalətin bərqərar olduğuna əmin ola bilmirsən. Cəzanın labüdlüyü cinayət nəticəsində həyatını itirmişləri geri qaytarmır, onların doğmalarının puç olmuş həyatlarını bərpa etmir, zaman keçsə də dərinliklərdə iz qoyan yaralar daha da sağalmaz olur. Bəzən ətrafdakıların baş verənlərə biganə münasibəti cinayətlərin daha ağır nəticələrinə şərait yaradır. 

Qeyd etdiklərimə nümunə kimi Bakı Ağır Cinayətlər Məhkəməsində son günlər baxılaraq təqsirli şəxs barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmiş cinayət işi üzrə qurbanların taleyinə biganə münasibətin nəticəsi ilə tanış olmaq kifayət edir və sonda bununla bağlı oxuculara bir sual ünvanlanacaq. 

Cinayət işinin materiallarından (adlar şərtidir): 

"Əli Quliyev 19 fevral 2022-ci il tarixdə keçmiş baldızı Leyla Həsənovanın özlərinə mənzil almaq üçün pul yığdığını əvvəlcədən bildiyi üçün həmin vəsaiti ələ keçirmək və pulu vermədiyi təqdirdə onu öldürərək pulu götürmək məqsədi ilə onun yaşadığı ünvana gəlir. Leyla evdə olmayacağı halda azyaşlı uşaqlarının da ona qapını açmayacağını bildiyindən, Leylanın işdən qayıdan vaxtda, saat 20 radələrində həmin ünvana gələrək bloka daxil olub dördüncü mərtəbəyə qalxaraq mənzilin qapısını döymək istədikdə Leylanın blokun pilləkənləri ilə yuxarıya qalxmasını görür. Mənzilin qapısını Leylanın 07.06.2008-ci il təvəllüdlü qızı Ləman Həsənli açır və hər ikisi mənzilə daxil olduqdan sonra uşaqlar analarının xahişi ilə yataq otağına keçirlər. Əli Quliyev mənzildə olan pulun yerini öyrənmək üçün Leyladan ona 50 manat borc verməsini istəyir. Leyla evində xırda pul olmadığını və mənzil almaq üçün saxladığı pulu xərcləmək istəmədiyini bildirdikdən sonra Əli Leylanı və uşaqları öldürməyəcəyi təqdirdə pulları ələ keçirə  bilməyəcəyinə əmin olaraq əvvəlcədən üzərində gətirdiyi mətbəx bıçağını çıxarıb Leylanın sinə nahiyəsindən bir bıçaq zərbəsi vurur. Həmin vaxt Leyla uşaqlara səslənərək "qonşuları çağırın, kömək edin" deyə qışqırır, uşaqlar onun olduğu otağa qaçaraq analarının bıçaqla vurulduğunu gördükdə qışqıraraq qonşuları köməyə çağırmağa başlayırlar. Leyla uşaqlarla birlikdə qapıya tərəf qaçdıqda Əli Quliyev onların ardınca qaçıb Leylanı tutaraq ona növbəti iki bıçaq zərbəsi vurur və Leyla müqavimət göstərə bilməyərək huşunu itirib yerə yıxılır. Azyaşlı Ləman kömək istəmək üçün mənzilin giriş qapısını açdıqda Əli Quliyev onu geriyə çəkərək qapını arxadan dəmir cəftə ilə bağlayır. Uşaqların qışqırtısına gələn qonşular qapını açmağa çalışsalar da buna nail ola bilmirlər. Uşaqlardan biri «anamı ödürürür bıçaqla» qışqırır. Əli Quliyev Ləmanın və 11.07.2011-ci il təvəllüdlü Tural Həsənlinin evdə olan pulu axtarıb tapmasına maneçilik törədəcəklərini anlyaraq azyaşlı Ləmana çoxsaylı bıçaq zərbələri vurur və sonuncu müvazinətini itirərək döşəməyə yıxılır. Əli Quliyev qonşuların mənzildə kiminsə olmasından şübhələndikləri və evin blokunda dayandıqları üçün azyaşlı Turalı dərhal öldürməkdən vaz keçərək onu sakitləşdirməyə çalışır. Həmin vaxt qonşular qapını döyərək mənzildə kimsənin olmasını, uşaqları və Leylanı səsləyirlər. Tural  qatilin hədəsi ilə evdə atasının içkili olmasını, səs-küy salmasını, heç bir problem olmamasını, çıxıb getmələrini bildirir və qonşular sakitləşərək qapıdan uzaqlaşırlar. Bir neçə dəqiqədən sonra ünvana gələn polis əməkdaşları da qapını döyərkən, qatilin tələbi ilə Tural polislərə eyni qaydada evdə heç bir problem olmamasını, atasının içki içdiyinə görə onunla mübahisə etməsini bildirir, polis əməkdaşları bir daha içəridə sakitçilik olub-olmamasını soruşduqdan sonra azyaşlıya inanıb mənzilin qapısından çəkilib ünvanı  tərk edirlər. Qatil azyaşlı Turalı anasının ayılacağına inandırdığı üçün Tural müəyyən müddət ağladıqdan sonra sakitləşərək mənzilin qonaq otağında olan divanda uzanıb gecə saat 03 radələrində yuxuya gedir. Qatil mənzildə olan təxminən 20.000 manat və 1.100 ABŞ dolları məbləğdə pul vəsaitini tapdıqdan sonra gecə saat 04 radələrində Turalın artıq ona lazım olmadığını düşünərək yatmış vəziyyətdə olan Turala boğaz nahiyəsindən bıçaqla bir neçə dəfə zərbə vuraraq qırtlağını kəsməklə onu öldürür.  Qatil ətrafın sakitləşməsini gözləyərək təxminən saat 11 radələrində otaqdan çıxmaq istəyərkən Ləmanın dəhlizdə yıxıldığı yerdə olmadığını görüb, yataq otağına keçdikdə onun sağ olduğunu aşkar edir. Saat 12 radələrində artıq evdən çıxmaq üçün əlverişli məqam olduğunu düşünən Əli Quliyev Ləmanı da boğaz nahiyəsindən bir dəfə bıçaqla vuraraq qətlə yetirməklə mənzili tərk edir". 

Faciəli sonluqla bitən zorakı qətl hadisəsinin hallarının açıqlığı ilə şərh edilməsini çoxları irad tuta bilər, bunlar kiminsə psixikasına mənfi təsir edə bilər. Lakin, bunları yazmamaq, baş verənlərdən dərs almamaq, eyni səhvləri təkrarlamaq daha çox ailənin xoşbəxtliyinə, körpələrin həyatına  son qoya bilər. Öz vəzifələrini layiqincə yerinə yetirməyən səlahiyyətli şəxslər, qonşuluqda yaşayan və uşaqların harayına gələn insanlar «atanın içkili vəziyyətdə mənzildə dava salması, öz ailə üzvlərinə qarşı zorakı hərəkətlər etməsi» kimi mental geriliyin təbii hal olaraq qəbul edilməsinin əsirinə çevrilməsəydilər, azyaşlı uşaqların həyatını xilas etmək olardı. Biz bunu edə bilmədik, heç olmasa bundan sonra başqa uşaqların taleyinə yazılan günahlardan özümüzü xilas edək.   

Yuxarıda vəd olunan sual: "Bu qətli törədənin günahı ilə, mental geriliyin, biganəliyin əsirinə çevrilmiş şəxslərin günahı arasında çoxmu fərq var?".  

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 51183
avatar

Oxşar yazılar

Ağır qəzada 5 gənc öldü

Ağır qəzada 5 gənc öldü

1 dekabr 2024 , 10:24
Sumqayıtda yataqxanada yanğın oldu

Sumqayıtda yataqxanada yanğın oldu

1 dekabr 2024 , 09:35
Qardaşı 27 yaşlı qadını bıçaqladı

Qardaşı 27 yaşlı qadını bıçaqladı

1 dekabr 2024 , 08:40
Lənkəranda minik maşını 18 yaşlı qızı vurdu

Lənkəranda minik maşını 18 yaşlı qızı vurdu

30 noyabr 2024 , 23:42
Ağdərədə ağır qəza - 4 nəfər öldü

Ağdərədə ağır qəza - 4 nəfər öldü

30 noyabr 2024 , 21:29
Bakıda dayanacaqda avtobus gözləyən qadın öldü

Bakıda dayanacaqda avtobus gözləyən qadın öldü

30 noyabr 2024 , 20:00
Həkim özünə iynə vurub ölməyini gözlədi - ŞOK İNTİHAR

Həkim özünə iynə vurub ölməyini gözlədi - ŞOK İNTİHAR

30 noyabr 2024 , 18:20
Kürdəmirdə avtomobillə motosiklet toqquşub, ölən var

Kürdəmirdə avtomobillə motosiklet toqquşub, ölən var

30 noyabr 2024 , 18:01