Daşkəsəndə dağlıq ərazi ilə hərəkət edən minik avtomobili aşma təhlükəsi ilə üzləşib.
Lent.az xəbər verir ki, bu barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumata əsasən, Daşkəsən rayonu, Əmirvar kəndi yaxınlığında içərisində 3 nəfərin olduğu "Land Rover" markalı avtomobil sürüşərək yolun yamac hissəsinə düşüb və aşma təhlükəsi vəziyyətində olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qəzanın baş verdiyi əraziyə cəlb olunub.
Həyata keçirilən operativ tədbirlər nəticəsində avtomobil yamacdan çıxarılıb, köməksiz vəziyyətdə qalan sürücü və sərnişinlərin təhlükəsizliyi təmin olunub.