90-cı illərin “Tulun manyakı” kimi tanınan 55 yaşlı Pavel Şuvalov Ukraynada xüsusi əməliyyat zonasında döyüş əməliyyatları zamanı həlak olub.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, 24 illik həbs cəzasına məhkum edilən Şuvalov 2023-cü ilin aprelində Vaqner PMC ilə müqavilə bağlayıb və mayın əvvəlində xüsusi əməliyyat zonasına gəlib.
Pavel Şuvalov mayın 29-da Luqansk vilayətində gedən döyüşlərdə həlak olub. Onun ölümünü üç əsgər yoldaşı təsdiqləyib. Onların sözlərinə görə, Pavel Şuvalovun cəsədini döyüş meydanından çıxarmaq mümkün olmayıb.
2021-ci ildə İrkutsk Vilayət Məhkəməsi Pavel Şuvalovu ciddi rejimli koloniyada 24 il müddətinə azadlıqdan məhrum edib. Müstəntiqlər müəyyən ediblər ki, 1991-2019-cu illər arasında cinayətkar İrkutsk və Tulunda ən azı 27 qadına təcavüz edib. İki zərərçəkən öldürülüb. İki ildən çox müddətdə aparılan istintaq zamanı Şuvalovun cəmi iki zorlama və iki qətldə iştirakını sübuta yetirə bilib.
Bildirilir ki, o, cinayətlərin izini diqqətlə gizlətməsi sayəsində uzun müddət azadlıqda qalmağı bacarıb. Onu tutmaq üçün hüquq-mühafizə orqanları 15 mindən çox insanın bioloji izlərini araşdırmalı olub.