Fevralın 22-də saat 17 radələrində 45 yaşlı Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.
***
17:35
Tərtərdə mülki şəxs minaya düşüb.
APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Verdiyev Niyaməddin Hikmət oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə ağır yaralanan N. Verdiyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.