Rusiyadan Azərbaycana ekstradisiya edilən və adam oğurluğunda təqsirli bilinən Elvin Cəfərovun cinayət işinin ibtidai istintaqı başa çatıb.
Lent.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Paşayevin icraatına verilib.
Qeyd edək ki, Elvin Əliqismət oğlu Cəfərovun barəsində Cinayət Məcəlləsinin 144.2.5 -ci (adam oğurluğu silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə) maddəsilə ittihamedilib. İttihama görə, Elvin Cəfərov Bakıda adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin üzvü olub.
Mütəşəkkil dəstənin üzvləri bir neçə il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunsalar da, Elvin Cəfərov istintaqdan yayına bilib. O, ötən ilin avqustunda Rusiyada həbs olunaraq Azərbaycana gətirilib.
Bildirilir ki, Elvin Cəfərovun üzv olduğu mütəşəkkil dəstəyə rəhbərlik edən şəxs kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifova yaxın adam olub.