Rusiyada 2017-ci ildə “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal”, “Piter Camal” kimi tanınan Camal Həsənovun məhkəmə araşdırması davam edib.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Camal Həsənov öyrənib ki, zərərçəkən Həsənov Cabir Heyqubad oğlu bir neçə dəfə müxtəlif məclislərdə deyib ki, kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Canıyev Rövşən Rafiq oğlunu 2016-cı il avqustun 18-də Türkiyədə o öldürüb.
“Rövşən Lənkəranski”yə pərəstiş edən “Yeraz Camal” Cabir Həsənovdan bu əməllərinə görə qisas almaq məqsədilə Sankt-Peterburqa gederək Cabir Həsənovu güllələyərək öldürüb. Ona bu cinayətdə orada yaşan Nazim Nüsrətov köməklik göstərib.
Camal Həsənov qətli törədəndən sonra istintaqdan yayınaraq Azərbaycana gəlib. Nazim Nüsrətov həbs olunandan sonra Camal Həsənovun cinayət əməli ortaya çıxıb.
İttihama münasibət bildirən Camal Həsənov özünü təqsirli bilməyib. O əlavə edib ki, cinayət işi ilə bağlı verilən ifadələr başdan ayağa uydurmadır.
Məhkəmədə məlum olub ki, Camal Həsənovun vəkili Nizami Canıyev Rövşən Canıyevin( Lənkəranski) yaxın qohumudur.
Məhkəmə prosesi aprelin 22-də davam edəcək.
Qeyd edək ki, Camal Həsənov ötən il oktyabrında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
O, Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham olunur.