Kürdəmir rayonunda zəncirvarı yol qəzaları baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, yol qəzaları bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.
“Ford” markalı mikroavtobusla minik avtomobilləri toqquşub.
Bundan başqa, rayon ərazisində baş vermiş digər qəzada yük maşınları ilə “QAZ31” minik avtomobili toqquşub. Hərəkətdə olan yol patrul xidmətinin avtomobili də qəza törədən maşınlara çırpılıb. Nəticədə polis əməkdaşları - 32 yaşlı Elnar Quliyev və 31 yaşlı Fariz Əliyev yüngül xəsarət alıblar.
Qəzaya səbəb yolun buz bağlaması olub.
Faktlarla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün yolun buz bağlaması səbəbindən Kürdəmir rayon ərazisində yuxarıdakı qəzalardan savayı da bir neçə xırda qəzalar baş verib.