Göyçayda koronavirus xəstəsi yaşadığı evi tərk edib.
Göyçay rayon Prokurorluğundan Lent.az-a verilən məlumata əsasən, rayon sakini 32 yaşlı Məmmədov Xası Sabirşad oğlunun COVID-19 virusu ilə bağlı test analizinin nəticəsi pozitiv olsa da, xüsusi karantin rejiminə əməl etməyib. O, həmin müddəti evdə keçirməli olduğu halda, dekabrın 7-də yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub xəstəliyin yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Göyçay rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.