Koronavirus testi pozitiv çıxan şəxsdən 14 gündən sonra təkrar analiz verməsi tələb olunmur.
Bu barədə koronavirus xəstələrinin nə vaxt təhlükəsiz olması ilə bağlı Lent.az-ın sualına cavab olaraq, Tibb Ərazi Bölmələri İdarəetmə Birliyinin mətbuat xidmətindən bildirilib.
Məlum olduğu kimi, səhhətində problem olan vətəndaşlar koronavirus testi verdikdən sonra nəticəsi ilə bağlı şəxsin telefonuna bildiriş gəlir. Testin nəticəsi pozitiv olan şəxsə və ailə üzvlərinə evdən çıxmamaqla əlaqədar xəbərdarlıq edilir. Məsələnin əsas tərəfi isə həmin vətəndaşın nə zamandan təhlükəsiz hesab olunması və ictimai yerlərə çıxmasıdır. Vətəndaşa buna görə hansısa bildiriş gəlirmi?
TƏBİB mətbuat xidmətindən Lent.az-ın sualına cavab olaraq bildirilib ki, koronavirus nəticəsi pozitiv olan şəxsin 14 gündən sonra təkrar test verməsi şərt deyil:
"Xəstə evdə müalicə aldığı 14 gündən sonra sistemdən avtomatik olaraq çıxır. Həmçinin "e-tabib" tətbiqində də bunu görmək mümkündür. Bundan əlavə, şəxsin telefonuna sms bildiriş də gəlir".
Qurumdan o da bildirilib ki, əgər xəstə xarici ölkəyə gedəcəksə və işdən test nəticəsi tələb olunursa, öz istəyilə gedib test verə bilər.