Fevralın 24-də “Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66” ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, komitənin nümayəndələri yanğın barədə məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə yollanıblar.
İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində, ümumilikdə 17 mənzilə ziyan dəyib.
Ağdam rayonundan məcburi köçkün, 35 yaşlı Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.
Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.
Digər yaşayış sahələri yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaqdır.