Prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci – yazılı imtahan mərhələsi keçirilir.
Lent.az xəbər verir ki, tədbir zamanı açılış nitqi ilə çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov namizədlərə uğurlar arzulayaraq bildirib ki, indiyədək işə qəbulla bağlı keçirilmiş 25 müsabiqədə uğur qazanmış 1203 hüquqşünas prokurorluq işçilərinin 89,1 faizini təşkil edir.
Hazırkı, yəni 26-cı müsabiqənin ikinci mərhələsinə ilk turda müvəffəqiyyət qazanmış 161 nəfər hüquqşünas iştirak edir.
Qeyd olunub ki, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib.
Həmçinin, imtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edir.
Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 161 namizəd (o cümlədən 34 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.
***
"Ali hüquq təhsili alan gənclərin əksəriyyəti prokurorluq əməkdaşı olmaq istəyir"
Bunu Baş prokurorun müavini Heydər Məmmədov prokurorluğa işə qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi zamanı jurnalistlərə açıqlamasında deyib.
H.Məmmədov bildirib ki, dövlət başçısı möhtərəm prezident cənab İlham Əliyevin sayəsində, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında müasir məzmunlu islahat tədbirləri intensiv surətdə davam edir. İslahatlar müxtəlifdir, çoxşaxəlidir və prokurorluğun bütün fəaliyyət istiqamətlərini əhatə edir. İstintaqın keyfiyyətinin artırılması, həm prosessual nəzarətin, həm dövlət ittihamının müdafiəsinin gücləndirilməsi, digər tərəfdən innovativ yeniliklər, gənclərin şəffaf prosedurlara əsaslanan müsahibiqələr yolu ilə kadr korpusunun gücləndirilməsi - bütün bu faktorlar gənclərdə ruh yüksəkliyi yaradır. Ona görə də, gənclər məhkəmə-hüquq sisteminin aparıcı qüvvəsi olan prokurorluqda işləmək arzusundadır. Təsadüfi deyil ki, bu gün ali hüquq təhsili alan gənclərin əksəriyyəti prokurorluq əməkdaşı olmaq istəyir.