Binəqədi rayon Məhkəməsində Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev və Gəncənin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmovun barələrində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimatlara baxılıb.
APA-nın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
Qeyd edək ki, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin vaxtında şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Məharət Mustafayev və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşların keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Onlar barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilib.
Onu da qeyd edək ki, Məharət Mustafayev 2011-2014-cü illərdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də işləyib.