Şeremetyevo Hava Limanında gömrükçülər 2018-ci ildə “Miss Moskva” seçilən modeldən iki milyon rubl dəyərində qaçaqmal ələ keçiriblər.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, qız asayiş keşikçilərinə rüşvət verməyə çalışıb.
Məlumata görə, avqust ayında 29 yaşlı Kseniya Palenova Türkiyədən Rusiyaya qayıdıb və sərhədi keçərkən hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. Gömrükçülər markalı aksesuarlara diqqət yetirərkən daşlarla ağ qızıldan hazırlanmış Cartier bilərzik və Hermes çantası aşkar ediblər.
Əşyaların dəyəri 20 min avrodan çox olub və Rusiyaya idxal üçün icazə verilən limiti keçib. Qiymətli əşyalar qadından müsadirə edilib. Palenova ilə bağlı araşdırma davam edir.
Qeyd edək ki, Kseniya Palenova 2018-ci ildə ilkin qalib Alesya Semerenko müsabiqənin şərtlərini pozaraq tacından məhrum edildikdən sonra “Miss Moskva” titulunu qazanıb.