Bakıda ağır yol-nəqliyyat hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Zabrat-Maştağa yolunda, Dövlət Gömrük Komitəsinin akademiyasının qarşısında baş verib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, “Opel” və “Kia Sportage” markalı avtomobillər işıqforun qırmızı işığında toqquşublar:
“Nəticədə hər iki sürücü xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Xoşbəxtlikdən ölən yoxdur. Həmin ərazidə sürücülər daha diqqətli olmalıdırlar. Bu son günlər artıq Dövlət Gömrük Akademiyasının qarşısında ikinci ağır qəzadır. Bildiyimiz kimi, ötən həftə sonu bu ərazidə akademiyanın tələbələrinin ölümü ilə nəticələnən yol qəzası olmuşdu”.
Qeyd edək ki, sentyabrın 23-də akademiyanın qarşısında iki nəfərin ölümü ilə nəticələnən ağır qəza olub. Qəzadan sonra Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar.