Gəncə sakinində silah və narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Arzu Kərimov şəhər ərazisində saxlanılaraq, idarəyə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng, həmin tüfəngə məxsus 3 ədəd patron və 1 ədəd kağız bükümdə ümumi çəkisi 1.64 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, A. Kərimovun şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Bu zaman evin həyətyanı sahəsindən, sellofan torbadan aşkar edilən odlu silahın qundaq və lüləyi, fərdi yaşayış evinin yataq otağından isə parça torbada ümumi çəkisi 406 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.