Oktyabrın 16-da saat 21 radələrində Gədəbəy rayonu Sarıhasanlı kəndində evlərin birindən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərməyə cəhd edənlər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, əvvəllər məhkum olunan, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü (oğurluq) maddələri ilə axtarışda olan Hüseynov Nəsib Qayıb oğlu və onunla birlikdə olan - barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət icraatı olan 47 yaşlı Cəfərov Elman Əvəz oğlunu, əvvəllər məhkum olunmayan 56 yaşlı Cəfərov Nəriman Ələsgər oğlunu polis əməkdaşları saxlamaq istəyərkən odlu silahla müqavimət göstəriblər.
Polis əməkdaşlarının çevikliyi nəticəsində silahlı müqavimət cəhdinin qarşısı alınıb, N.Hüseynova tabel silahı tətbiq edilməklə onlar saxlanılıblar. Ayaq nahiyyəsindən xəsarət alan N.Hüseynova nəzarət qaydasında ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib. Həyatı təhlükəsi yoxdur.
Hadisə yerindən cinayət aləti olan tüfəng götürülüb.
Araşdırma aparılır.