Bu gün Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə bağlı xüsusi ittiham qaydasında olan şikayət üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Ə. Əliyev 5 ay müddətinə həbs edilib.
Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İddiaçıların şikayətlərində bildirilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib.
Onların şikayətləri ayrı icraatda araşdırılıb. DSX kapitanı Ramin Ədilovun Əli Əliyev barəsində şikayətinə hakim Rauf Daşdəmirov sədrliyi ilə bir müddət sonra baxılacaq.