Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudov məhkəməyə verilib.
Lent.az-ın məlumatına görə, sabiq nazir oğlu barəsində Bakıda fəaliyyət göstərən “Dolçasaray” MTK iddia qaldırıb.
İddiaya Bakı Apelyasiya Məhkəməsində hakim Anar Tanrıverdiyevin sədrliyi ilə baxılacaq.
Proses qarşıdakı aylarda baş tutacaq.
Məlumata əsasən, tərəflər arasında məhkəmə çəkişməsi 2021-ci ildən başlayıb. “Dolçasaray” MTK Yasamal rayon Məhkəməsinə müraciət edərək Anar Mahmudova qarşı müqavilələrin ləğv edilməsi iddiasını qaldırıb. A. Mahmudov da qarşılıqlı iddia ilə çıxış edərək, MTK-dan əmlakın təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.
Birinci instansiya məhkəməsi MTK-nın iddiasını təmin etsə də, A. Mahmudovun iddiası təmin edilməyib. Buna görə də, iddia Ali Məhkəmənin kassassiya mərhələsinə qədər gedib çıxıb. Lakin Ali Məhkəmə işi yenidən apelyasiya göndərərək yenidən araşdırılmasını tələb edib.
İddialar yenidən Bakı Apelyasiya Məhkəməsində araşdırılacaq.
Qeyd edək ki, Eldar Mahmudov 2004-2015-ci illərdə Milli Təhlükəsizlik naziri olub. O, 2015-ci ildə tutduğu vəzifədən uzaqlaşdırılıb. Bundan sonra həmin nazirlik də ləğv edilib və əvəzinə iki dövlət qurumu yaradılıb.