Ağstafa rayon Polis Şöbəsinin, Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsinin və Böyük Kəsik Sərhəd Nəzarət Şöbəsinin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nətcəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Sadiqli kənd sakini Seymur Namazov saxlanılıb.
DİN mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, S. Namazovun bacısına məxsus rayonun Sadıqlı kəndindəki yarımtikiliyə baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada 6 ədəd litirlik plastik butulkada ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitəni Gürcüstanda yaşayan Mahir adlı şəxsin onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq 6000 manat müqabilində qeyri-qanuni yollarla ona göndərməyini bildirib. Hazırda S. Namazovla cinayət əlaqəsinə girən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davamt etdirilir.
Götürülən maddi sübutlar istintaqa təhvil verilib, saxlanılan şəxslə bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.